Contacts

92 Bowery St., NY 10013

+1 800 123 456 789

Category: Xəbərlər

SOS nümayəndələri Sosial Xidmətlər Agentliyində görüş keçiriblər
TərəfdaşlıqXəbərlər

SOS nümayəndələri Sosial Xidmətlər Agentliyində görüş keçiriblər

“SOS Kinderdorf International” beynəlxalq ofisinin regional məsləhətçisi Andro Dadiani, proqram direktorunun müavini Rusudan Chkheidze və “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının Milli direktoru Zakir Soltanov Sosial Xidmətlər Agentliyində görüş keçiriblər.

Görüş Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovla baş tutub. Görüş zamanı Agentliyin fəaliyyəti, həssas əhali qruplarına göstərilən sosial xidmətlər, həmçinin uşaqların müdafiəsi və qayğı sahəsində həyata keçirilən işlər müzakirə olunub.

Vüqar Behbudov qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, xüsusi qayğıya ehtiyacı olan müxtəlif yaş qruplarından olan şəxslərə səyyar və stasionar sosial xidmətlər göstərilir. Qeyd olunub ki, Agentliyin tabeliyində fəaliyyət göstərən müəssisələr vasitəsilə həssas qruplardan olan vətəndaşların sosial müdafiəsi və dəstəklənməsi istiqamətində davamlı işlər aparılır.

Görüşdə həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin dəstəklənməsi, dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı və digər sosial dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb.

“SOS Kinderdorf International” nümayəndələri və “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının Milli direktoru Zakir Soltanov Agentliyin fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar SOS Uşaq Kəndlərinin Azərbaycanda və beynəlxalq səviyyədə uşaq müdafiəsi, ailə əsaslı qayğı və ictimai vəkillik istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat veriblər.

Görüş zamanı tərəflər sosial xidmətlərin inkişafı, uşaqların müdafiəsi və həssas qruplara göstərilən dəstək imkanları ətrafında müzakirələr aparıblar. SOS Beynəlxalq ofisinin nümayəndələrinin sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

 

SOS Uşaq Kəndlərində gənclərin onlayn təhsilinə dəstək
Təhsil layihələriTərəfdaşlıqXəbərlər

Bakcell-in dəstəyi ilə gənclərin onlayn təhsilə çıxışı təmin edildi

Bakcell şirkəti “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində valideyn himayəsindən məhrum olmuş, eləcə də həssas sosial qruplardan olan uşaq və gənclərin təhsilinə dəstəyini davam etdirir.

Əməkdaşlıq çərçivəsində həyata keçirilən “COVID-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü nəticəsində 30 gəncin karantin dövründə onlayn təhsilə davam etməsi üçün lazımi şərait yaradılıb.

Layihə çərçivəsində Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri kompüter avadanlıqları və internet bağlantısı ilə təmin olunub. Bu dəstək gənclərin dərslərə mütəmadi qoşulmasına, təhsil prosesindən kənarda qalmamasına və pandemiya dövründə öyrənmə imkanlarını qorumasına şərait yaradıb.

Nəticədə SOS Uşaq Kəndlərinin qayğısında olan gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan əvvəlki 2018/2019-cu tədris ilinin nəticələrini üstələyib.

Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber təşəbbüslə bağlı bildirib:

“COVID-19 bütün dünyanı dəyişdi və biz korporativ sosial məsuliyyət strategiyamızın əsas istiqamətlərindən biri olan gənclərin təhsilinə dəstək göstərmək üçün yeni yollar tapmalı olduq. Daha çox uşağın keyfiyyətli təhsilə çıxış əldə etməsi üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir.”

Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq edir. Bu illər ərzində şirkət valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin həyat şəraitində olan ailələrdən olan uşaq və gənclərin inkişafına yönəlmiş müxtəlif təşəbbüslərə dəstək göstərib.

Əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018”ə layiq görülüb. Layihə SOS Uşaq Kəndlərinin qayğısında böyümüş, həmçinin digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını həyata keçirməsinə dəstək məqsədi daşıyıb. Layihə iştirakçıları Bakcell-in maliyyə dəstəyi ilə öz kiçik bizneslərini qurmaq imkanı əldə ediblər.

Bakcell-in “Bakcell Stars” korporativ sosial məsuliyyət proqramı xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına, onların təhsilinə, bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası olaraq uşaqların və gənclərin təhsilə, inkişaf imkanlarına və təhlükəsiz gələcəyə çıxışını dəstəkləyən tərəfdaşlara təşəkkür edirik.