Bakcell-in dəstəyi ilə gənclərin onlayn təhsilə çıxışı təmin edildi
Bakcell şirkəti “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində valideyn himayəsindən məhrum olmuş, eləcə də həssas sosial qruplardan olan uşaq və gənclərin təhsilinə dəstəyini davam etdirir.
Əməkdaşlıq çərçivəsində həyata keçirilən “COVID-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü nəticəsində 30 gəncin karantin dövründə onlayn təhsilə davam etməsi üçün lazımi şərait yaradılıb.
Layihə çərçivəsində Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri kompüter avadanlıqları və internet bağlantısı ilə təmin olunub. Bu dəstək gənclərin dərslərə mütəmadi qoşulmasına, təhsil prosesindən kənarda qalmamasına və pandemiya dövründə öyrənmə imkanlarını qorumasına şərait yaradıb.
Nəticədə SOS Uşaq Kəndlərinin qayğısında olan gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan əvvəlki 2018/2019-cu tədris ilinin nəticələrini üstələyib.
Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber təşəbbüslə bağlı bildirib:
“COVID-19 bütün dünyanı dəyişdi və biz korporativ sosial məsuliyyət strategiyamızın əsas istiqamətlərindən biri olan gənclərin təhsilinə dəstək göstərmək üçün yeni yollar tapmalı olduq. Daha çox uşağın keyfiyyətli təhsilə çıxış əldə etməsi üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir.”
Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq edir. Bu illər ərzində şirkət valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin həyat şəraitində olan ailələrdən olan uşaq və gənclərin inkişafına yönəlmiş müxtəlif təşəbbüslərə dəstək göstərib.
Əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018”ə layiq görülüb. Layihə SOS Uşaq Kəndlərinin qayğısında böyümüş, həmçinin digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını həyata keçirməsinə dəstək məqsədi daşıyıb. Layihə iştirakçıları Bakcell-in maliyyə dəstəyi ilə öz kiçik bizneslərini qurmaq imkanı əldə ediblər.
Bakcell-in “Bakcell Stars” korporativ sosial məsuliyyət proqramı xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına, onların təhsilinə, bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlib.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası olaraq uşaqların və gənclərin təhsilə, inkişaf imkanlarına və təhlükəsiz gələcəyə çıxışını dəstəkləyən tərəfdaşlara təşəkkür edirik.









